“Qədirin suyu”nu qurutmasaydılar, İmam Hüseyn Kərbəlada susuz qalmazdı…

25 İyun, 2024

Ərəbistanın qızmar istisinin hiss edildiyi çöllərdə bəzi göllər var. Bu göllər susuzluqdan yananların susuzluğunu aradan qaldırmaq üçün idi. Bu göllərin adı “Qədir”di (Qədir kəlməsinin mənası göldür). Burada Allah Təala son dəfə son Peyğəmbəri üçün nida etdi. İmam və rəhbər seçkisində önə çıxan qəbiləçilik, irqçilik və insaniyyətə zidd seçki tövsiyələrinin əleyhinə bir daha hayqırdı. Son Peyğəmbərimizin mesajı, təməli təqva və ədalət olan seçki və ölçü üzərində olmamız üçündür.

Qədir Xumda Peyğəmbərimiz sadəcə sözdə deyil, eyni zamanda əməldə də bu mesaj uğrunda yaşadığını bizlərə göstərmişdir.

Peyğəmbərimiz, o gün, 20 ildən çox müddətdir insanlara çatdırmaq istədiyi mesajı, əməlində açıq-aşkar həyata keçirmişdir. Qövmiyyətçiliyə qarşı təqva, tərəfdar çoxluğuna qarşı imanın böyüklüyü, zənginlik və qüdrətə qarşı ixlas və təvazönü seçmişdir. Yəni “Əlini” seçmişdir.

Doğrudur; Qədir Xum bəlli bir zaman və məkanda gerçəkləşmişdir, amma Qədir Xum sadəcə tarixi bir olay deyildir. Əgər onu yaxşı bir formada təhlil edə bilsək, Qədir Xumun bir məktəb olduğunu görəcəyik.

Qədir Xum təkcə “tarixin içində” bir olay deyil, “tarix üçün” həyata keçirilmiş bir olaydır. İldə bir dəfə gəziləcək bir muzey deyil, elə bir təlimdir ki, biz hər gün ondan dərslər çıxarmalıyıq. Qədir Xum bizlərə keçmişdəkiləri rahatlıqla tənqid etməməyin lazım olduğunu öyrədir. Tarixin niyə ədalət öndərinin arxası ilə gedilmədiyini, Peyğəmbərin vəsisini tək buraxmalarını tənqid etməməyimizi öyrədir. Zira bir çox davranışımızın keçmişdəkilərin etdiklərindən çox da fərqli olmadığını görürük. Onları qövmçülükdə ittiham edərkən, biz özümüz ailəçilik, qəbiləçiliyi təqvadan üstün saymadıqmı?

Xülasə olaraq hər gün başqaları və keçmişdəkiləri tənqid və ittiham edərkən; tarixdə bizim də gələcəkdəkilər tərəfindən tənqidə məruz qalacağımızdan xəbərsiz kimi davranırıq. Gələcəkdəkilər bizdən bəhs edəcəklər, bizim keçmişdəkilərdən bəhs etdiyimiz kimi…

Qədir Xum sadəcə keçmişə aid bir məsələ deyildir və bu gün üçün də müzakirə olunmalı mövzudur. Qədir Xumdan bəhs edərkən keçmişdəkilərdən nəql etməkdənsə, öz vəzifərlərimizi incələməliyik.

Qədir Xum sadəcə tarixi qıssə deyildir ki, rəvayət edilsin. Qədir içində dərk edilməsi lazım bir hüznü əhatə edir. Bir qarşıdurmanı da içində əhatə edir ki, onu incələməli və hətta ona göz yaşı tökülməlidir. Əgər Qədir Xum, tarixdən kənardırsa, o zaman məzhəbdən kənar sayılmalıdır. Qədir dərd ortaqlığı və qəlblərin yaxınlaşmasıdır. Bu şəkildə müsəlmanların qəlbini bir birindən ayırmamaq lazımdır. Qədir, “təfriqə mənbəyi” yerinə qəlbləri birləşdirən bir mənbə ola bilər.

Qədir Xumun Şiəyə olduğu qədər Əhli-Sünnəyə də mesajı vardır. Əsasən onun xitab etdiyi, “insandır”; hər ağıl sahibi (qəflətə düşməyən) vicdan Qədir Xum qarşısında, təslim olmaqdadır. Hər insan ədalət, bərabərlik, şəffaf, doğru sözün, qısaca İmam Əlinin (ə) höküməti kimi bir hökümətə ürək bağlamaqda və bu mövzuda addım atmaqdadır. Bu səbəblə Qədir Xumun mesajını, dini və ya bəzən məzhəbin ikinci yarısı kimi təqdim etməməyimiz lazımdır.

Qədir Xum, yəni akademiyaların qarşısında bir məktəb və akademiya ola bilər.

Qədir Xum, bərəkətli bir göldür. Mənəviyyat və mərifət susuzlarını hələ də sirab etməkdədir. Atəş ilə dolan ürəkləri, nur karvanı ilə yolçu etməmiz bəsdir.

Peyğəmbərimizin (s) səsi hələ də mənim və sizlərin qulaqlarınızda səslənməkdədir. Sadəcə təqva və ədalət, düzgün baxışımızın olması kifayət edər. “Qədir suyu” quruduğu zaman, Hüseynin (ə) Kərbəlada susuz qalması gözləniləndir; “Qədirin suyu”nu qurutmasaydılar, İmam Hüseyn Kərbəlada susuz qalmazdı…

Dr. Yəhya Cihangiri Sehroverdi

Tərcümə: az.shafaqna.com